Milli Məclisin Sədri Sahiba Qafarova G20 Spikerlər Sammiti çərçivəsində Avstraliya Senatının Prezidenti ilə görüşüb
Milli Məclisin Sədri Sahiba Qafarova Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən XI G20 Spikerlər Sammiti çərçivəsində Avstraliya Senatının Prezidenti Sue Lines ilə görüş keçirib.
Görüş zamanı Azərbaycan və Avstraliya parlamentləri arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı səfərlərin, parlamentlərarası dostluq qruplarının fəaliyyəti və beynəlxalq parlament platformaları çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Söhbət zamanı parlament diplomatiyasının dövlətlərarası münasibətlərin inkişafında oynadığı mühüm rol qeyd olunub, qanunverici orqanlar arasında dialoqun möhkəmləndirilməsinin ikitərəfli əlaqələrin dərinləşdirilməsinə töhfə verdiyi bildirilib.
Görüş çərçivəsində, həmçinin G20 platforması daxilində parlamentlərin qlobal çağırışların müzakirəsində rolu, dayanıqlı inkişaf, beynəlxalq əməkdaşlıq və çoxtərəfli dialoqun təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər bu cür təmasların gələcəkdə də davam etdirilməsinin Azərbaycan ilə Avstraliya arasında parlamentlərarası əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminlik ifadə ediblər.