Qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi haqqında
ümumi məlumat
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 10-cu maddəsinə əsasən və “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq:
- xarici ölkədə pasportunu itirmiş;
- pasportu oğurlanmış və ya yararsız hala düşmüş;
- pasportunun etibarlılıq müddəti bitmiş;
- xarici ölkədə doğulan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış.
Azərbaycan Respublikası vətəndaşının və Azərbaycan Respublikasında daimi qeydiyyatda olan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan övladının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.
Qayıdış şəhadətnaməsi - Azərbaycan Respublikası vətəndaşının və Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənəddir.
Şəhadətnamənin alınması üçün doldurulmuş ərizə-anket Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna təqdim edilir.
Şəhadətnamənin verilməsi haqqında ərizə-anketə aşağıdakı sənədlər və ya onların surətləri əlavə edilməlidir:
- pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə - pasportun özü;
- 2 (iki) ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);
- üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bileti, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi və ya şəxsiyyətini və ya vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənədi;
- Azərbaycan Respublikasının vətəndaşı ilə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi;
- Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən digər rəsmi sənəd;
- Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış uşağının doğum haqqında şəhadətnaməsi və ya Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən rəsmi sənəd;
- 10 (qırx) ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi haqqında sənəd.
Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs tərəfindən göstərilən sənədlər təqdim edildikdən sonra Şəhadətnamə ərizə-anket qeydiyyata alındığı vaxtdan ən geci 3 təqvim günü müddətində verilir.
Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə, müstəsna hallarda isə birbaşa Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu göndərir.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti qısa müddət ərzində (3 iş günündən çox olmamaq şərti ilə) sorğunun icrası ilə bağlı müvafiq yoxlamalar aparır və əldə olunmuş nəticələr barədə məlumatları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna bildirir.
Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin özləri barəsində təqdim etdikləri məlumatların düzgünlüyü təsdiq edildikdə, onlara 3 təqvim günü müddətində Şəhadətnamə verilir. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Şəhadətnamə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin razılığı ilə verilir.