Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi
Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun verilməsi ilə bağlı
ümumi məlumat
Azərbaycan Respublikasının ümumvətəndaş pasportu (bundan sonra pasport) - onu daşıyan şəxsin vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənəddir. Pasportun etibarlıq müddəti bitdikdə və ya səhifələri dolduqda vətəndaş yeni pasport almalıdır.
Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2012-ci il tarixli 686 nömrəli Fərmanına əsasən 1 sentyabr 2013-cü il tarixindən etibarən Azərbaycan Respublikası vətəndaşlarına yeni nəsil biometrik pasportların rəsmiləşdirilməsinə başlanılmışdır. Biometrik pasportda elektron daşıyıcı (çip) yerləşdirilmişdir. Elektron daşıyıcıya (çipə) Azərbaycan Respublikasının adı, dövlət gerbi, ölkənin kodu, pasportun tipi, nömrəsi, sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu yer və tarix, cinsi, fərdi identifikasiya nömrəsi, qan qrupu, pasportu verən orqanın adı, verilmə tarixi, etibarlılıq müddəti, pasport sahibinin üz təsviri və barmaq izi daxil edilir.
Yeni biometrik pasportun etibarlıq müddəti 1 yaşınadək uşaqlar üçün bir (1) illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç (3) illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş (5) illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on (10) illik müddətə verilir.
Xaricdə daimi yaşayan, etibarlıq müddəti bitmiş və ya səhifələri dolmuş pasport sahibləri, xarici ölkə ərazisində pasportunu itirmiş şəxslər və ya yeni pasport almaq istəyən Azərbaycan Respublikası vətəndaşları artıq yeni nəsil biometrik pasportun rəsmiləşdirilməsi üçün Səfirliyin Konsulluq şöbəsinə müraciət edə bilərlər. Müraciət edən şəxs müvafiq qaydaya uyğun ardıcıllıqla tərtib edilmiş sənədlərlə və şəxsiyyət vəsiqəsinin əsli ilə birlikdə şəxsən Səfirliyə gəlməlidir. Vətəndaşdan biometrik pasportun tələblərinə uyğun üz təsvirinin foto şəkli, əl-barmaq izləri və elektron imzası alındıqdan sonra, sənədlər elektron formada AR Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.
Etibarlıq müddəti bitmiş, səhifələri dolmuş pasportun səfirlik vasitəsilə əvəz edilməsi üçün tələb olunan sənədlər:
1. Etibarlılıq müddəti bitmiş pasportun əsli və 2,3,4,5-ci səhifələrinin surəti – 2 nüsxədə;
2. Səfirliyin adına ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi ilə bağlı əl ilə yazılmış ərizə-müraciət. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:
a) Vətəndaşın soyadı, adı, atasının adı;
b) Yaşadığı ünvan və telefon nömrəsi;
c) Neçənci ildən Avstraliya, Yeni Zelandiya və Ficidə yaşaması və ölkəyə gəlmə səbəbi (daimi yaşayır, müqavilə əsasında çalışır, tələbədir)
d) Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi səbəbi (pasportun etibarlılıq müddətinin bitməsi, 18 yaş tamam olması);
e) Azərbaycan Respublikası vətəndaşlığından çıxıb-çıxmaması və ya vətəndaşlıqdan çıxmaq üçün müraciət edib-etməməsi;
3. Pasport üçün rəngli (donuq – mat) fotoşəkil, 3×4 ölçüdə - 4 ədəd (şəxsin adı, soyadı fotoşəkillərin arxasına yazılmalıdır;
4. Vətəndaşın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın Azərbaycan Respublikasının doğum haqqında şəhadətnaməsi);
5. Şəxsin ölkədə daimi yaşadığını təsdiq edən vəsiqənin notarial təsdiq olunmuş surəti – 1 nüsxədə (yalnız biri təsdiq olunur):
• Belə bir vəsiqəyə malik olmayan vətəndaş ölkədə işlədiyi və ya təhsil aldığı haqda arayış təqdim etməlidir;
• Vəsiqənin və arayışın tərcüməsinə ehtiyac yoxdur.
6. Doldurulmuş ərizə-anket forması (Anket Azərbaycan dilində latın qrafikası ilə dəqiq və aydın yazılmalıdır);
7. Doldurulmuş “Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot vərəqəsi”
8. 25 (iyirmi beş) ABŞ dolları məbləğində Səfirliyin bank hesabına ödənilmiş rüsum;
9. 40 (qırx) AZN manat məbləğində rüsum Bakıda Daxili işlər Nazirliyinin Pasport və Qeydiyyat İdarəsinin xəzinədarlığında ödənilməlidir;
Qeyd: Dövlət rüsumunun elektron ödənilməsi üçün AR Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsinə (www.mia.gov.az) daxil olaraq, “Dövlət rüsumlarının, cərimələrin və xidmət haqlarının elektron ödənişi” xanasına daxil olaraq həyata keçirilməsi mümkündür.
18 yaşı tamam olmuş və ilk dəfə olaraq pasport üçün müraciət edən vətəndaşlara pasport rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:
• vətəndaşın yuxarıda qeyd olunan formada əllə yazılmış ərizə-müraciəti;
• Ərizə-anket forması – 2 nüsxədə;
• rəngli donuq (mat) fotoşəkil – 4 ədəd;
• doğum haqqında şəhadətnaməsinin əsli;
• vətəndaşın valideynlərinin hər hansı birinin pasportuna yazılıbsa, həmin pasportun 2,3,4,5-ci səhifələrinin surəti;
• qan qrupu haqqında tibbi arayış (şəxsiyyət vəsiqəsi təqdim edildiyi halda bu sənəd tələb olunmur);
• 25$ ABŞ dolları və 40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı qeyd olunan tələblər;
• Doldurulmuş “Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot vərəqəsi”
18 yaşı tamam olmamış vətəndaşa pasport verildikdə yuxarıda sadalanan sənədlərdən əlavə aşağıda qeyd olunan sənədlər də təqdim edilməlidir:
• Qan qrupu haqqında tibbi arayış (uşağın şəxsiyyət vəsiqəsi təqdim edildikdə bu sənəd tələb olunmur);
• Ərizə-anket forması;
• Valideynlərin notarial qaydada təsdiq edilmiş razılığı;
• Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd;
• 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.
Vətəndaş pasportunu itirdikdə və ya korlandıqda, pasportun itdiyi ərazinin polisindən müvafiq arayış alınır və pasportun itirilməsi barədə ərizə ilə Səfirliyə müraciət edir. Bu hallarda (pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə uyğun olaraq vətəndaşın cərimə ödəməsi də nəzərdə tutulmuşdur.
Pasport oğurlandıqda, pasportun oğurlandığı ərazinin polisindən müvafiq arayış alınmalı və müvafiq ərizə ilə Səfirliyə müraciət olunmalıdır.
Tələbələr və 35 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları yuxarıda qeyd olunan sənədlərə əlavə olaraq, hərbi qulluq barədə sənədi və ya çağırış müddətinin uzadılması barədə arayışı da təqdim etməlidir.
Səfirlik vasitəsilə pasportların rəsmiləşdirilməsi müddəti təxminən 3-4 ay təşkil edir.