Konsulluq qeydiyyatı

Tövsiyə etmək istərdik ki, Avstraliyada, Yeni Zelandiyada və Ficidə daimi və ya müvəqqəti yaşayan və ya həmin ölkəyə səfər edən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğunda konsulluq qeydiyyatından keçsinlər.

Azərbaycan Respublikası vətəndaşının konsulluq qeydiyyatına götürülməsində əsas məqsəd konsulluq əməkdaşlarının Azərbaycan Respublikasının vətəndaşlarına aşağıda qeyd olunan istiqamətdə yardımın göstərilməsidir:

- Azərbaycan Respublikasından kənarda olan zaman vətəndaşlarımızla əlaqə saxlamaq, təxirəsalınmaz hallarda onlara konsulluq yardımı göstərmək;

- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlər itdiyi və ya oğurlandığı halda, onların Azərbaycan Respublikasına geri qayıtmasını asanlaşdırmaq;

- Azərbaycan icması üçün təşkil olunan tədbirlər barədə məlumatlandırmaq, Azərbaycanda baş verən hadisələr və xəbərlərlə tanış etmək.

Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşlarının 16 yaşadək uşaqları (həmin uşağın doğum haqqında şəhadətnaməsinin və valideynlərinin nikah haqqında şəhadətnaməsinin surətləri Səfirliyə təqdim edilməlidir) valideynlərindən birinin uçot vərəqəsində qeyd olunur.

Avstraliyada daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotuna alınması məqsədilə aşağıdakı sənədləri pasportla birlikdə Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinə təqdim etməlidirlər:

1. Doldurulmuş “Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot vərəqəsi”;

2. Pasport üçün rəngli fotoşəkil - 1 ədəd;

3. Vətəndaşın şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu;

4. Azərbaycan Respublikası vətəndaşının Avstraliya, Yeni Zelandiya və Ficidə daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin surəti.

Sənədlərin poçt vasitəsi ilə göndərildiyi halda sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edtməyiniz xahiş olunur (Prepaid envelope).

Arxiv üzrə axtarış