news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 iyun 2023

Kanberrada Azərbaycan Silahlı Qüvvələri Günü və Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib

26 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyi tərəfindən paytaxt Kanberrada Azərbaycan Silahlı Qüvvələri Günü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə rəsmi qəbul təşkil olunub.

Tədbirdə Avstraliya Xarici İşlər və Ticarət Departamentinin rəsmiləri, parlament üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, eləcə də Avstraliyada yaşayan Azərbaycan icmasının fəalları iştirak ediblər. Mərasim hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Azərbaycanın Avstraliya, eyni zamanda Yeni Zelandiya və Fici Respublikasında akkreditə olunmuş səfirliyinin müvəqqəti işlər vəkili Vaqif Cəfərov çıxış edərək, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin və onun Silahlı Qüvvələrinin yaradılması, habelə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası və bu yolda aparılan mübarizə barədə məlumat verib. Diplomat Azərbaycanın üzləşdiyi çətinliklər və əldə etdiyi nailiyyətlər haqqında danışıb.

Vurğulanıb ki, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olmaqla bütün vətəndaşlara etnik mənsubiyyətindən, dinindən və cinsindən asılı olmayaraq bərabər hüquqlar verib. Bununla yanaşı, qeyd olunub ki, həmin müstəqillik dövrü qısa çəkmiş və 1920-ci ilin aprelində sovet işğalı nəticəsində süqut etmişdir. Diplomat qeyd edib ki, bir dövlətin müstəqilliyini qorumaq onu əldə etməkdən daha çətindir və məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra sabit inkişaf yoluna qədəm qoymuşdur.

Azərbaycan Silahlı Qüvvələrinin dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü və milli təhlükəsizliyinin əsas qoruyucusu kimi şərəfli missiyasından, qazandığı tarixi qələbələrdən və sülhməramlı missiyalarda fəal iştirakından danışılıb.

Tədbirdə 2020-ci ildə 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin əldə etdiyi Zəfərə də xüsusi yer ayrılıb, 30 illik işğala və etnik təmizləməyə son qoyulması, beynəlxalq ədalətin və hüququn bərpası vurğulanıb.

Mərasimdə Azərbaycan ilə Avstraliya arasında mövcud olan ikitərəfli münasibətlərə toxunularaq, Avstraliya hökumətinə müstəqilliyimizin ilk günlərindən ölkəmizin suverenliyi və ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkür ifadə olunub. Bildirilib ki, iki ölkə arasında "yaşıl enerji", mədənçilik və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Prezident İlham Əliyevin təmiz ətraf mühit və bərpa olunan enerji sahəsinə xüsusi önəm verdiyi qeyd olunub.

Avstraliyanın Azərbaycanın “yaşıl enerji” təşəbbüslərinə marağından bəhs edilərək, Azərbaycan Energetika Nazirliyi ilə “Fortescue Future Industries” (FFI) şirkəti arasında imzalanmış Çərçivə Sazişi bu sahədə əməkdaşlıq perspektivlərinin bariz nümunəsi kimi təqdim olunub.

Qeyd edək ki, Səfirliyimizin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələri Günü və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Avstraliyanın geniş oxucu kütləsinə malik “Vibe Media” xəbər portalında “Mübarizədən zəfərə: Azərbaycanın müstəqillik salnaməsi” sərlövhəli məqalə də dərc olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti