Azərbaycan Respublikasının vətəndaşlığından çıxma

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma şəxsin vəsatəti üzrə həyata keçirilir.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma haqqında vəsatətin rədd edildiyi hallar

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti tərəfindən rədd edilə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma üçün tələb olunan sənədlər

  1. Azərbaycan Respublikası Prezidentinin adına yazılmış Ərizə-anket

  2. 4 ədəd 3x4 ölçüdə fotoşəkil;
     
  3. yaşayış yerindən ailə tərkibi haqqında arayış;
     
  4. dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər;
     
  5. dövlət rüsumunun ödənilməsi barədə sənəd;
     
  6. şəxsiyyəti təsdiq edən sənədin surəti;

Qeyd: savadsızlıq və fiziki qüsurlarına görə müraciət edən şəxs tərəfindən sənədlərin imzalanması mümkün olmadığı halda ərizəyə bu barədə izahlı qeyd yazılmalı və sənədləşməni aparan orqan həmin faktı təsdiq etməlidir.

Dövlət rüsumu

Azərbaycan  Respublikasının  vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran  şəxs  “Dövlət  rüsumu”  haqqında  Azərbaycan Respublikasının 2001-ci  il  4  dekabr  tarixli,  223-IIQ  nömrəli Qanununun 16.2.2-ci maddəsinə  əsasən,  400  (dörd  yüz)  ABŞ  dolları  məbləğində  dövlət rüsumunu  ödəyir.   Bu  rüsum  Səfirliyin  aşağıdakı  bank hesabına ödənilməlidir:

Bank name: Commonwealth Bank Account Name: THE EMBASSY OF THE REPUBLIC OF AZERBAIJAN TO THE COMMONWEALTH OF AUSTRALIA

Account Number: 06200015771269

CBA SWIFT CODE: CTB AAU2S

Branch Name: London Circuit Branch

Branch Address: Cnr London Circuit and Ainslie Avenue Canberra ACT 260

Azərbaycan Respublikası vətəndaşlığından çıxma haqqında vəsatətə baxan orqanlar

Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə vəsatətlə müraciət edirlər:

  1. Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşlar – Dövlət Miqrasiya Xidmətinə;
  2. xarici dövlətlərdə yaşayan vətəndaşlar isə -

    Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluqlarına.

    Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəliklərinə və konsulluqlarına daxil olmuş sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilir.

Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul olunur.

Belə ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının əsaslandırılmış rəylərinə baxılaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin vətəndaşlığına xitam verilməsi barəsində müvafiq sərəncam verilir.

Vətəndaşlıq məsələləri üzrə qəbul olunan qərarların icrası üzərində nəzarəti Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı həyata keçirir.

Azərbaycan Respublikası vətəndaşlığından çıxma haqqında vəsatətə baxılma müddəti və nəticələri

Vətəndaşlıq məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş, yəni yuxarıda sadalanan sənədlər fiziki şəxslər tərəfindən əlaqədar dövlət orqanına təqdim ediləndən sonra ərizə-anket icraata qəbul edilmiş sayılır və baxılma müddəti həmin vaxtdan başlayır.

Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay (ümumilikdə 6 ay) müddətində baxılır.

Azərbaycan Respublikası vətəndaşlığından çıxma ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində vəsatət qaldıran şəxslərə Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi tərəfindən yazılı məlumat verilir.

Eyni zamanda, Daxili İşlər Nazirliyi və Xarici İşlər Nazirliyi vətəndaşlığı təsdiq edən sənədləri verən orqanları (vəzifəli şəxsləri) müvafiq tədbirlər görülməsi üçün xəbərdar edir.

Search in archive