2016-05-28

28 May-Respublika Günü münasibətilə Kanberrada rəsmi qəbul keçirilib

Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 98-ci ildönümü Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyi tərəfindən Kanberra şəhərində təntənəli şəkildə qeyd edilib.

Səfirlik tərəfindən keçirilən rəsmi qəbulda Avstraliya parlamentinin üzvləri, Xarici İşlər və Ticarət Departamentinin məsul işçiləri, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, burada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan və Avstraliyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov çıxış edərək müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin tarixi haqqında danışıb, qısa müddət ərzində mövcud olmasına baxmayaraq, Azərbaycanın dövlət quruculuğunda oynadığı böyük rol barədə tədbir iştirakçılarına məlumat verib. Ötən əsrin sonlarında Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etdiyini qeyd edən səfir, müstəqilliyin ilk illərində xalqımızın böyük çətinlikləri uğurla aradan qaldırdığını bildirib. Ötən dövrdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, iqtisadi artım göstəriciləri haqda qonaqlara ətraflı məlumat verib. Azərbaycanın böyük beynəlxalq tədbirlərin, idman və mahnı müsabiqələrinin keçirildiyi mərkəzə çevrildiyini vurğulayan diplomatımız, cari ilin iyun ayında “Formula-1” Avropa Qran-pri yarışının Bakı şəhərində ilk dəfə keçiriləcəyini xüsusi qeyd edib.

Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə toxunan səfir, bunun yalnız Azərbaycanın deyil, ümumilikdə bütün regionun inkişafına ciddi şəkildə mənfi təsir göstərdiyini bildirib. Azərbaycanın dünya ölkələrindən problemin həllində qəti, ədalətli mövqe gözlədiyini vurğulayıb, Avstraliyanın münaqişənin həllində tutduğu mövqeyinə görə minnnətdarlığını çatdırıb. Münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyini söyləyib.

Azərbaycan və Avstraliya arasında ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edən R.Cəmşidov ölkəmizin Avstraliya ilə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb.

Avstraliya hökuməti adından çıxış edən Avstraliya Xarici İşlər və Ticarət Departamentinin protokol xidmətinin rəis müavini Maykl Qoqan Azərbaycan xalqını və Prezidentini Respublika Günü münasibəti ilə təbrik edib.

Tədbirdə Azərbaycan haqqında nümayiş etdirilən videoçarx qonaqlar tərəfindən maraqla qarşılanıb. Milli mətbəximizin nümunələri və Azərbaycan istehsalı olan müxtəlif içkilər iştirakçılara təqdim olunub.

Arxiv üzrə axtarış