23 may 2016-cı il tarixində Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 98 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyi tərəfindən Yeni Zelandiyanın paytaxtı Vellinqton şəhərində rəsmi qəbul mərasimi təşkil edilmişdir.
Tədbirdə əsas qonaq qismində Yeni Zelandiyanın Gömrük, eləcə də Əlilliik Məsələləri üzrə naziri xanım Niki Vaqner (Nicky Wagner), həmçinin Yeni Zelandiya Parlamentinin üzvləri Fletçer Tabutiu, Cenni Salesa, Kennedy Qraham, Mark Mitçel, Çister Borrous, Tod Müller, Yeni Zelandiya Xarici İşlər və Ticarət Departamentinin məsul işçiləri, ölkənin aparıcı dövlət və özəl şirkətlərinin, tədqiqat mərkəzləri və universitetlərin nümayəndələri, Yeni Zelandiyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, burada yaşayan və təhsil alan azərbaycanlılar da daxil olmaqla ümumilikdə 100 nəfərə yaxın qonaq iştirak etmişdir.
Tədbir Azərbaycan və Yeni Zelandiyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanmışdır. Əsas qonaq Yeni Zelandiya hökuməti adından Azərbaycan xalqını və Prezidentini Respublika günü münasibəti ilə təbrik etmişdir. Tədbiri giriş sözü ilə Fövqəladə və Səlahiyyətli Səfir R.Cəmşidov açmışdır. R.Cəmşidov çıxışında ADR-in yaranma tarixi haqqında danışmış, onun qısa müddət ərzində mövcud olmasına baxmayaraq, Azərbaycanın dövlət quruculuğunda oynadığı böyük rol barədə tədbir iştirakçılarına məlumat vermişdir. 70 illik fasilədən sonra Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etdiyini qeyd edən Səfir, müstəqilliyin ilk illərində böyük çətinliklərə baxmayaraq, xalqımızın bu çətinlikləri uğurla aradan qaldıra bilməsindən bəhs etmiş, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, iqtisadi artım göstəriciləri haqda qonaqlara məlumat vermişdir. R.Cəmşidov iqtisadi nailiyyətlərlə bərabər Azərbaycan Respublikasının digər sahələrdəki uğurlarını da mərasim iştirakçılarının diqqətinə çatdıraraq cari ilin iyun ayında Formula1 yarışının ilk dəfə Bakı şəhərində keçiriləcəyini qeyd etmişdir. Çıxışının sonunda Səfir Azərbaycan və Yeni Zelandiya arasındakı ikitərəfli əlaqələrdən bəhs edərək, ölkəmizin Yeni Zelandiya ilə müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulamışdır.
Eyni zamanda o, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə toxunaraq, bunun Azərbaycanın, eləcə də bütün regionun hərtərəfli inkişafına ciddi şəkildə mənfi təsir göstərdiyini təəssüflə qeyd etmişdir. R.Cəmşidov Azərbaycanın dünya ölkələrindən problemin həllində qəti, ədalətli mövqe gözlədiyini vurğulamış və təcavüzkar ölkənin təcavüzə məruz qalmış ölkədən fərqləndirilməsinin zəruri olduğunu bildirmişdir.
Daha sonra fəxri qonaq çıxış etmişdir. O öz çıxışında iki ölkə arasında məsafənin uzaq olmasına baxmayaraq qarşılıqlı siyasi-iqtisadi münasibətlətin müsbət yöndə inkişaf etməsini xüsusilə qeyd etmiş, ölkələrərimiz arasında ticarət dövriyyəsinin daha da artırılması üçün böyük potensial olduğunu vurğulamışdır. Daha sonra xanım Vaqner Yeni Zelandiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin ATƏT-in Minsk qrupunun vasitəçiliyilə və sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirmişdir.
Ziyafət zamanı Azərbaycanın iqtisadiyyatını, turizm imkanlarını, mədəniyyətini özündə əks etdirən müxtəlif videoçarxlar nümayiş etdirilmiş, qonaqlara Azərbaycan istehsalı olan şərab və konyak təqdim edilmişdir.