Reentry Certificate to the Republic of Azerbaijan

Ümumi məlumatlar:

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 10-cu maddəsinə əsasən və “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq:

  • xarici ölkədə pasportunu itirmiş;
  • pasportu oğurlanmış və ya yararsız hala düşmüş;
  • pasportunun etibarlılıq müddəti bitmiş;
  • xarici ölkədə doğulan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış.

Azərbaycan Respublikası vətəndaşının və Azərbaycan Respublikasında daimi qeydiyyatda olan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan övladının  ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və konsulluqlarında rəsmiləşdirilir.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin iki növü var:

  • Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulan qayıdış şəhadətnaməsi  (AAseriyalı);
  • Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulan qayıdış şəhadətnaməsi (AB seriyalı).

Qayıdış şəhadətnaməsinin verilməsi üçün tələb olunan sənədlər:

Şəhadətnamənin alınması üçün doldurulmuş ərizə-anket Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna təqdim edilir.

Şəhadətnamənin verilməsi haqqında ərizə-anketə aşağıdakı sənədlər və ya onların surətləri əlavə edilməlidir:

  • pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə - pasportun özü;
  • 2 (iki) ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);
  • üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bileti, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi və ya şəxsiyyətini və ya vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənədi;
  • Azərbaycan Respublikasının vətəndaşı ilə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi;
  • Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən digər rəsmi sənəd;
  • Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış uşağının doğum haqqında şəhadətnaməsi və ya Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən rəsmi sənəd ;
  • dövlət rüsumunun ödənilməsi haqqında sənəd. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.1.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğu tərəfindən Azərbaycan Respublikası vətəndaşlarına və ya Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə ölkəyə qayıtmaq üçün pasportu əvəz edən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi üçün  40 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilməlidir.

Konsulluq rüsumu aşağıdakı bank hesabına ödənilməlidir:

Bank name: Commonwealth Bank Account Name: THE EMBASSY OF THE REPUBLIC OF AZERBAIJAN TO THE COMMONWEALTH OF AUSTRALIA

Account Number: 06200015771269

CBA SWIFT CODE: CTB AAU2S

Branch Name: London Circuit Branch

Branch Address: Cnr London Circuit and Ainslie Avenue Canberra ACT 2601

Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin özləri barəsində təqdim etdikləri məlumatların düzgünlüyü təsdiq edildikdə, onlara 3 təqvim günü müddətində Şəhadətnamə verilir.

Daha ətraflı məlumat üçün bura (http://mfa.gov.az/content/922) daxil olmağınız xahiş olunur.