İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
Azərbaycan-Avstraliya münasibətləri
İkitərəfli münasibətlərin yaradılması haqqında məlumat:

Avstraliya İttifaqı Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci ildə tanımışdır. İki dövlət arasında diplomatik münasibətlər 19 iyun 1992-ci ildə qurulmuşdur. 6 aprel 2012-ci ildə Azərbaycan Respublikasının Avstraliya İttifaqında Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisi tərərfindən qanun qəbul olunmuşdur. 16 yanvar 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti c-b. İlham Əliyevin sərəncamı ilə Rövşən Şamil oğlu Cəmşidov Azərbaycan Respublikasının Avstraliya İttifaqında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. 26 iyun 2013-cü ildə Səfir R.Cəmşidov etimadnaməsini Avstraliya İttifaqının General-Qubernatoru xanım Kventin Braysa təqdim etmişdir.

İkitərəfli münasibətlərin müqavilə-hüquq bazası:

Hazırda Azərbaycan Respublikası və Avstraliya İttifaqı arsında imzalanmış yeganə sənəd 8 dekabr 2012-ci ildə Avstraliya və Azərbaycan Respublikası arasında "Avia Xidmətlər" üzrə Anlaşma Memorandumudur.

Əsas yüksək səviyyəli səfərlər və görüşlər:

Azərbaycan Respublikasının Prezidenti c-b. İlham Əliyev 15 sentyabr – 1 oktyabr 2000-ci il tarixlərində Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi Sidney Olimpiya oyunlarının keçirilməsi ilə əlaqədar Avstraliyada səfərdə olmuşdur.

16-20 aprel 2012-ci ildə Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini Xələf Xələfov Avstraliyada səfərdə olmuşdur.

28-30 iyun 2012-ci ildə Avstraliya Baş nazirinin Şərqi Avropa, Balkanlar və Qafqaz üzrə xüsusi nümayəndəsi Rassel Trud (Russel Trood) Azərbaycana səfər etmişdir.

13-15 sentyabr 2013-cü ildə Avstraliya Xarici İşlər və Ticarət Departamentinin Terrorizmə qarşı Mübarizə məsələləri üzrə Səfiri Uilyam Fişer Azərbaycana səfər etmişdir.

8 aprel 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan – Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır.
İşçi qrupunun rəhbəri - Xanlar Nuru oğlu Fətiyev

Üzvləri -  Sahib Eyvaz oğlu Alıyev, Azər Camal oğlu Badamov, Çingiz Rauf oğlu Əsədullayev, İsmayıl Muxtar oğlu Hacıyev və Asim Nazim oğlu Mollazadədir.

2009-cu ilin fevralında Milli Məclisin üzvü Sabir Rüstəmxanlı Avstraliyaya səfər etmişdir.

2015-ci ilin iyun ayında Avstraliya Federal Parlamentinin üzvləri Azərbaycanda işgüzar səfərdə olmuşdur.

2015-ci ilin iyun ayında Avstraliya Federal Parlamentində Avstraliya-Azərbaycan parlamanetlərarası dostluq qrupu təsis edilmişdir.

Dostluq qrupunun rəhbəri - Lyuk Simpkins

İqtisadi əməkdaşlıq:

Azərbaycandan Avstraliyaya xam neft ixrac edilir. Avstraliyadan isə kərə yağı idxal olunur. 2014-cü ildə ticarət dövriyyəsinin həcmi təxminən 100 milyon ABŞ dollarına yaxın olmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən Avstraliyada qiymətli kağızlar bazarına investisiya qoyulmuşdur.

Azərbaycan Xəzər Dənizi Gəmiçiliyi şirkətinin sifarişi ilə Tasmaniya tərsanəsində hazırlanmış 40 milyon ABŞ dolları dəyərində "Müslüm Maqomayev" katamaranı 2014-cü ildə istifadəyə verilmişdir.

Avstraliyanın "Great Big Events" və "Tria" şirkətləri Bakı 2015-Avropa oyunlarının təşkili və texniki təminat işlərinin həyata keçirilməsində iştirak etmişdir.

TANAP təbii qaz boru xəttinin layihələndirmə, satınalma və tikintiyə nəzarət üzrə keçirilmiş tenderin qalibi 5 il müddətinə Avstraliyanın "WorleyParsons" şirkəti olmuşdur.

İkitərəfli əməkdaşlığın digər sahələri:

Avstraliya Milli Universiteti ilə Azərbaycanın musiqi sahəsində fəaliyyət göstərən təhsil müəssisələri arasında tələbə mübadiləsi və digər mədəni əlaqələrin qurulması məqsədilə Əməkdaşlıq Memorandumunun imzalanmasına dair razılıq əldə edilmişdir. Avstraliya universitetlərində 70-ə yaxın azərbaycanlı tələbə təhsil alır.
 
Konsulluq münasibətləri:

Avstraliya İttifaqına səfər etmək istəyən Azərbaycan Respublikasının vətəndaşları viza rəsmiləşdirilməsi üçün Avstraliyanın Ankaradakı Səfirliyinə viza üçün müraciət etməlidirlər.